Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul ra
yonları ilə sərhəddir.
Ərazisi 1020 kvadrat kilometr, əhalisi 69,4 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 78 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 32 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur.
Əhalinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 25,7%-i şəhərdə, 74,3%-i kənd yerlərində yaşayır.
Rayonda 2068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.
Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır.
Rayonun ərazisindən 2 çay-Girdiman, Ağsuçay və onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.
Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfaına
yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir.
Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100%-i qeyri-dövlət sektorunun payına düşür.
Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.
Rayonda 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır.
Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.
Ağsuda 19 siyasi partiyanın rayon təşkilatı və 16 ictimai-siyasi təşkilatın (o cümlədən 3 qeyri-hökumət təşkilatının) rayon şöbəsi fəaliyyət göstərir.